“Azad Azərbaycan - 106.3 FM” radiosu

“Azad Azərbaycan” radiosu 106.3 Fm 2004-cü ilin 30 iyun tarixindən etibarən fəaliyyət göstərir. Bu il 106.3 FM radiosunun 15 yaşı oldu. Radionun əsas şüarı - “Milli musiqi milli radioda”dır.

“Azad Azərbaycan” radiosunun əsas məqsədi milli musiqinin təbliğatı və maarifləndirici proqramların təşkilidir. Həftə içi 106.3 FM dalğasında gündəlik olaraq 9 saat ərzində müxtəlif verilişlər yayımlanır. Bu verilişlərin adları bütün ölkədə populyardır: sürücülərin ən yaxın dostu “Avtostop” və “Master Class”, proqramlarıdır. Səhər tezdən oyananlar isə işə “İş adamı” səhər şousu ilə gedirlər, “Dəbli Şou” verilişində isə siz ölkənin ən zövqlü ifaçılarının musiqilərini dinləyə, onların sənət fəaliyyəti ilə yaxından tanış ola bilərsiniz.   

106.3 FM tək radio fəaliyyəti ilə kifayətlənmir. “Milli radio”nun kollektivi bir neçə Novruz bayramına həsr olunmuş televiziya filminin müəllifidir, “Məxfi səs” musiqili yarışması, “Milli dalğa” mükafatı da məhz radiomuzun məhsuludur.

Müxtəlif illərdə ilin radiosu  seçilən Milli Radio 106.3 FM hər il əsrarəngiz layihələriylə siz dinləyicilərin zövqünü oxşayır. Belə ki, müxtəlif illərdə 106.3 FM radiosunun təşkilatçılığı ilə səyyar efirlər təşkil olunmuşdur. Radiomuz müxtəlif illərdə "Bakı bulvarı", "Cocuq Mərcanlı" kəndi, "İçəri Şəhər" metrostansiyası, "Soyuq əllər isti ürək" yarmarkasından yayımlar gerçəkləşdirib.