“1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər. Ümummilli liderin Bakıya gəlməsi ilə böyük bir qarşıdurmanın qarşısı alındı”. Tariximizə Milli qurtuluş günü kimi düşən həmin məqamı xatırladan Milli Məclis sədrinin müavini Bahar Muradova deyir ki, 1993- cü ilin 15 iyununda Azərbaycan dövləti ləğv olunmaqdan, parçalanmaqdan qurtuldu. Ulu öndər vətəndaşlarımıza Azərbaycanın bütövlüyünü bəxş etdi.
90-cı illərdə Ermənistanın torpaqlarımızı işğal etməsi, daxildə baş qaldıran qarşıdurmalar, iqtisadi böhran Azərbaycanı daha da zəiflədirdi. Belə bir məqamda Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu.
Ulu öndər Heydər Əliyev yeni təməllər üzərində bir dövlət qurdu. Bu mənada ümummilli liderin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ona borcludur.